29-07-2026
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Bakı Nitq Mərkəzində “Peşəkar yazışma və ünsiyyət bacarıqları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri Bakı Nitq Mərkəzinin rəhbəri Firuzə Aslanova açaraq Azərbaycan dilinin dövlət dili kimi inkişafının qorunması, ədəbi dil normalarına riayət olunması, peşəkar ünsiyyət və rəsmi yazışma mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, müasir dövrdə düzgün və səlis nitq, eləcə də yazılı ünsiyyət bacarıqları cəmiyyətin intellektual inkişafını şərtləndirən əsas amillərdəndir.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi dosent Təranə Şükürlü fəxri qonaq kimi iştirak edib.
Təranə Şükürlü bildirib ki, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərmanına əsasən qeyd edilir. Bildirilib ki, bu fərman Azərbaycan dilinə göstərilən dövlət qayğısının parlaq nümunələrindən biri olmaqla yanaşı, ölkəmizin latın qrafikalı Azərbaycan əlifbasına tam keçidinin hüquqi əsasını yaradıb.
İştirakçılar Azərbaycan dilinin zəngin ifadə imkanları, dövlət dilinin tətbiqinin genişləndirilməsi, nitq mədəniyyətinin təbliği, ünsiyyətin növləri və peşəkar yazışma normalarının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Dilçi alim vurğulayıb ki, Azərbaycan əlifbasının və dövlət dilinin təbliği, ana dilinə hörmət və nitq mədəniyyətinin inkişaf etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə korporativ tədbirlərin keçirilməsi cəmiyyətin dil mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə verir.