Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

17-09-2025

Bakı Qızlar Universitetində birinci kurs tələbələri ilə görüş keçirilib

Bakı Qızlar Universitetində birinci kurs tələbələri ilə görüş keçirilib

15 sentyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində  yeni qəbul olunmuş birinci kurs tələbələri ilə ənənəvi görüş keçirildi. 

   Tədbir universitetin təsisçisi, yazıçı-dramaturq, professor Ağarəhim Rəhimovun çıxışı ilə açıq elan edildi. Professor A.Rəhimov universitetin yaranma tarixi, onun formalaşmasında oynadığı rol, şəxsən rəhbərlik etdiyi tələbə qəbulu prosesi və illər ərzində görülmüş mühüm işlər barədə ətraflı məlumat verdi. O, həmçinin BQU-nun özünəməxsus tədris sistemi və tələbələrə təqdim olunan imkanlardan bəhs etdi. Təsisçinin çıxışı valideynlər tərəfindən böyük maraqla qarşılandı, onlar da öz növbəsində fikirlərini bölüşərək, universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.

   BQU-nun rektoru, professor Sevinc Rəhimova tədbirdə çıxış edərək, birinci kurs tələbələrini təbrik etdi, onlara yeni tədris ilində uğurlar arzuladı. Prof. Sevinc Rəhimova universitetdə fəaliyyət göstərən elmi şura, tədris və tərbiyə işləri üzrə prorektorluqlar, fakültələr və dekanlıqların fəaliyyəti barədə məlumat verdi. Rektor, dərs prosesində tələbələrin hazırlıqlı iştirakı və davamiyyətin vacibliyini xüsusi vurğuladı.

     Tədris işləri üzrə prorektor  professor Hava Abdullayeva universitetdə mövcud fakültələr və ixtisaslar haqqında danışaraq, tələbələrə ətraflı məlumat təqdim etdi. Daha sonra “Sosial pedaqogi” fakültəsinin dekanı  dosent İlahə Quliyeva dərs cədvəlləri, qrup bölgüləri, tələbələr üçün yaradılmış WhatsApp qrupları və korporativ e-poçt sisteminin fəaliyyəti barədə məlumat verdi. Dekan çıxışında tələbələrin davamiyyətə ciddi yanaşmalarının onların xarakter və nizam-intizamının formalaşmasında mühüm rol oynadığını qeyd etdi. O, eyni zamanda Boloniya təhsil sistemi, akademik məzuniyyət, üzrlü səbəbdən dərslərə qatılmama şərtləri və qiymət ortalaması ilə bağlı tələbələri məlumatlandırdı.

    “Filologiya–tarix” fakültəsinin dekan müavini Səyalə İmanova da çıxış edərək, tələbələri təbrik etdi, onları maraqlandıran suallara cavab verdi.

    Tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova  çıxışında tələbələrin şəxsi inkişafı və gələcək karyerası baxımından universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC), bədii özfəaliyyət dərnəkləri, xor kollektivi və zəngin kitabxana barədə ətraflı məlumat verdi. O, tələbələri bu təşkilatlara qoşulmağa təşviq etdi.

İclasın sonunda valideynlər və tələbələrə BQU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış, universitetin ictimai və elmi fəaliyyətini əks etdirən qısa videoçarx təqdim olundu.

Digər xəbərlər

Bütün xəbərlər