07-05-2026
Bakı Qızlar Universitetində 10 May – Dünya Psixoloqlar Gününə həsr olunmuş “Eyni davranışlar, fərqli izahlar” adlı maarifləndirici tədbir təşkil olunub. Universitetin akt zalında keçirilən tədbirdə rəhbərlik, müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc xanım Rəhimova psixologiya elminin cəmiyyət həyatındakı rolundan danışaraq, insan münasibətlərində empatiya, etik davranış və düzgün yanaşmanın vacibliyini vurğulayıb. Rektor tələbələrin hazırladığı belə tədbirlərin onların peşəkar və şəxsi inkişafına mühüm töhfə verdiyini bildirib.
Tədbir çərçivəsində müxtəlif mövzularda təqdimatlar dinlənilib. “Qorxulara psixologiya və NLP yanaşması” mövzusunda çıxış edən dosent Məhərrəm Əliyev iştirakçılarla maraqlı fikirlər bölüşüb. Daha sonra psixoloq Ülviyyə Nəhmətova tərəfindən “Makkartlar terapiyası” və P-23 qrupunun tələbəsi Röya Cəfərovanın hazırladığı “Art terapiya” mövzularında təqdimatları nümayiş olunub.
Tədbirin ən diqqətçəkən hissələrindən biri P-23 qrup tələbələrinin hazırladığı “Davranış məhkəməsi” adlı səhnəcik olub. Şəhanə Salamova, Mahirə Məmmədova, Həlimə Əliyeva, Aygün Əlizadə, Nəzmiyyət Əfəndi, Həmayıl Quliyeva və Adilə Abışovanın iştirakı ilə təqdim olunan səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
“Səssiz səhnə” adlı interaktiv hissədə isə iştirakçılar eyni davranışa fərqli izahlar verərək müxtəlif baxış bucaqlarını nümayiş etdiriblər. Bu hissədə dosent Ramil Mirzəyev çıxış edərək , səhnədə nümayiş olunan davranışlara müxtəlif baxış bucaqlarından münasibətini bildirib. Tədbir boyunca empati qurmağın, insanları tələsik mühakimə etməməyin və etik yanaşmanın vacibliyi xüsusi vurğulanıb.
Sonda tədbirin təşkilatçıları və iştirakçıları belə maarifləndirici layihələrin tələbələrin psixoloji maariflənməsində və cəmiyyətə sağlam baxış formalaşdırılmasında mühüm rol oynadığını bildiriblər.