09-06-2026
Bakı Qızlar Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elmira Kənanın qeydlərindən
Bəzən elə məkanlar olur ki, insan oradan ayrıldıqdan sonra da həmin məkanın təsiri uzun müddət yaddaşında yaşayır. İçərişəhərdə yerləşən keramika ustası, sənətkar Mir Teymur Məmmədovun ev-muzeyinə edilən ziyarət də belə təəssürat yaradan görüşlərdən biri oldu.
Bakı Qızlar Universitetinin bir qrup müəllim və tələbəsinin iştirak etdiyi bu görüş adi bir ekskursiyadan daha çox sənət, tarix və insan ruhu haqqında düşünmək imkanı yaratdı.
Etiraf etmək lazımdır ki, həmin məkandan ayrılıb yenidən gündəlik həyatın səs-küyünə qayıtmaq asan deyildi. Elə bil o məkan başqa bir zamana aid idi. Rənglər elə bir harmoniya yaradırdı ki, insan özünü insanların dünyasından çox rənglərin dünyasında hiss edirdi.
Keramika əsərləri sanki insanla söhbət edirdi — lal, amma dərin. Hər birinin öz dili, öz hekayəsi vardı.
Kaş həyatımız da belə rəngarəng olaydı — saf, təmiz, könül bulandırmayan rənglərlə dolu.
***
Mirteymur müəllimin yaşadığı evin divarları da onun yaratdığı əsərlərlə bəzənmişdi. O divarlara baxdıqca elə bil Şərq dünyasına aid şeirlər oxuyurdun. Rəsmlərdə və naxışlarda fövqəlbəşəri bir nəfəs duyulurdu. Bəzi əsərlərində türkçülük ideyasının incə izləri görünür, milli yaddaşın rənglərlə ifadəsini hiss edirdin. Səthi deyil, köklü.
Dünya səviyyəsində şah əsərlər yaradan bu sənətkarın yaradıcılığına baxdıqca bir həqiqət daha aydın görünürdü: əsl sənət zamanın sərhədlərini aşmağı bacarır.
Tələbələrin sənətkara ünvanladıqları suallar da məhz bu maraqdan doğurdu. Söhbət yalnız keramika sənətindən getmirdi. Söhbət insanın daxili aləmindən, yaradıcılığın mənbəyindən, sənətin həyatla münasibətindən gedirdi.
Mir Teymur Məmmədov tələbələrin suallarını cavablandırarkən İçərişəhərin tarixi-mədəni irsinin qorunmasının gənc nəslin mühüm vəzifələrindən biri olduğunu vurğuladı. O qeyd etdi ki, hər bir vətəndaş tariximizi və milli-mənəvi dəyərlərimizi yaşadan sənət nümunələrinin qorunmasına öz töhfəsini verməlidir.
Söhbət zamanı səslənən bir fikir isə uzun müddət yaddaşdan silinməyəcək qədər təsirli idi:
“Mən nəfəs aldıqca yaradıram. Yaratmaq nəfəs almaq kimidir.”
Bu cümlə görüşün əsas açarına çevrildi.
Axı digər dahilər, rəssamlar da nəfəs alırdı. Amma bəziləri öz daxili dünyalarının ağırlığı altında əzilərək həyatlarına son qoymuşdular. Fərq nə idi?
Danışdıqca cavab aydınlaşırdı:
“Şükür.”
Bu gözəl insan şükür etməyi bacaran biriydi. Allaha üsyan etməyən, incəsənət dünyası ilə həyatın dünyası arasında körpü quran, gördüklərini və yaşadıqlarını sənətin süzgəcindən keçirərək mənalandıran bir insan.
Bu görüş iştirakçılarını bir sual ətrafında düşündürürdü:
Biz nə istəyirik?
Bəlkə də xoşbəxtliyin düsturu çox sadədir:
Nəfəs almaq və yaratmaq.
Nəfəs almaq və oxumaq.
Nəfəs almaq və öyrətmək.
Nəfəs almaq və öyrənmək.
Nəfəs almaq və xoşbəxt olmağı bacarmaq.
Nəfəs aldığımız müddətcə görmək, duymaq, yaratmaq, bir sözlə dünyaya bir fayda vermək.
Çünki bekarçılıq və cəhalət insanın iki ən böyük düşmənidir. Bu düşmənləri məğlub etməyin yolu isə elmə, mütaliəyə, sənətə və yaradıcılığa üz tutmaqdır.
***
Rənglərin öz dili var. Hər rəng bir duyğunu ifadə edir. Sarı isə sevincin, ümidin, işığın və günəşin rəngidir.
Maraqlıdır ki, Qurani-Kərimin Bakara surəsinin 69-cu ayəsində də sarı rəngin insana xoş ovqat bəxş etməsindən bəhs olunur:
“O, parlaq sarı rəngli bir inəkdir; rəngi baxanları sevindirir.”
Bəlkə də buna görə ev-muzeydən ayrılarkən hər kəsin daxilində qəribə bir işıq vardı. Sanki rənglər insanın yaşamaq, yaratmaq və şükür etmək üçün nə qədər səbəbi olduğunu xatırladırdı.
Gəlin incəsənətimizi, onu yaşadan sənətkarlarımızı qoruyaq. Onların dəyərini həyatda ikən bilək. Çünki bəzi insanlar yalnız əsər yaratmırlar, həm də yaşamağın mənasını yaradırlar.
Bəzən bir emalatxana bütöv bir fəlsəfənin qapısına çevrilir.
Və qoy həyatımız bir az da sarı rəngə boyansın — sevincin, ümidin və işığın rənginə.
Elmira Kənan
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Bakı Qızlar Universiteti
09-06-2026
09-06-2026
09-06-2026
04-06-2026