16-04-2026
Bakı Qızlar Universitetində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Orqan Donorluğu və Transplantasiyası üzrə İdarə Heyətinin təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici görüş keçirilib.
15 aprel tarixində baş tutan tədbirin əsas məqsədi tələbələr arasında orqan donorluğu ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə düzgün məlumatlandırmanın təmin edilməsi və cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılması olub.
Tədbirdə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə İdarə Heyətinin sədr müavini Günay Abbasova, həkim-koordinator Mehriban Əliyeva, İT şöbəsinin müdiri Elgün Abdullayev, jurnalist Günel Natiq, həmçinin Samir Yusifov, Natiq Ağaverdiyev və Aynur Hacıyeva iştirak ediblər.
Görüş zamanı çıxış edən mütəxəssislər orqan donorluğunun insan həyatının xilas edilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər. Bildirilib ki, bir donor ölümündən sonra bir neçə insanın həyatını xilas etmək imkanına malikdir. Eyni zamanda, orqan donorluğuna dini baxımdan yanaşma məsələsinə də toxunularaq, insan həyatının qorunmasının ali dəyər kimi qəbul edildiyi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçılara orqan donorluğu ilə bağlı cəmiyyətdə mövcud olan yanlış fikirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, donor olmaq şəxsi qərardır, bu barədə məlumatlar məxfi saxlanılır və bütün tibbi prosedurlar beynəlxalq etik normalara uyğun şəkildə həyata keçirilir.
Statistik göstəricilərə əsasən, son dövrlərdə ölkəmizdə ölümündən sonra donor olmaq istəyənlərin sayı artaraq 1200 nəfəri ötüb. Müraciət edənlərin əksəriyyətini gənclər təşkil edir ki, bu da cəmiyyətdə bu sahəyə marağın artdığını göstərir.
Həmçinin vurğulanıb ki, Azərbaycan canlı donordan orqan transplantasiyası sahəsində regionda qabaqcıl mövqedədir. Bununla yanaşı, son illərdə meyit donordan transplantasiya sahəsində də mühüm nailiyyətlər əldə olunmuş, 2025-ci ildə ilk dəfə olaraq meyit donordan qaraciyər və ürək transplantasiyası uğurla icra edilmişdir.
İştirakçıların diqqətinə çatdırılıb ki, vətəndaşlar odtkm.gov.az internet səhifəsi vasitəsilə müvafiq formanı doldurmaqla ölümündən sonra donor olmaq istəklərini rəsmiləşdirə bilərlər .Tədbirin sonunda görüşdə fəal iştirak edən tələbə və müəllimlər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən mükafatlandırılıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
16-04-2026
14-04-2026
14-04-2026
13-04-2026