09-06-2026
08 iyun 2026-cı il tarixində Bakı Qızlar Universitetində “İnsan hüquqlarının qorunması bəşəriyyətin xilasıdır” adlı seminar keçirilib.
Seminarı giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova bildirmişdir ki, 1998-ci il 18 iyun tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi ilə insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir və bu siyasətin müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir, paytaxtda və regionlarda insan hüquqlarına həsr olunmuş müxtəlif tədbirlər keçirilir və bu təşəbbüs artıq ənənə halını almışdır. İnsan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqət yetirilməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı Qızlar Universitetinin də belə bir tədbir keçiməsi məqsədəuyğundur.
Daha sonra “Psixologiya” kafedrasının dosenti Yeganə Hacıyeva “İnsan hüquqlarının qorunmasının əhəmiyyəti” adlı məruzə ilə çıxış etmişdir. Y.Hacıyeva vurğulamışdır ki, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək baxımından yaşından, statusundan asılı olmayaraq hər kəsdə hüquq savadlılığı olmalıdır. Hüquqlarını bilməyən insanların kənar təsirlərə düşərək psixoloji gərginliklər zamanı bir çox səhvlərə yol verirlər ki, bu da onların həyatında bir sıra çətinliklərə, hətta faciələrə səbəb ola bilər.
Sosial-pedaqoji fakültənin dekanı dosent İlahə Quliyeva da çıxış edərək gənclər arasında insan hüquqlarının qorunması və bu istiqamətdə maarifləndirilməsi yollarından söz açdı. Bu mövzuda mütəmadi tədbirlərin, görüşlərin, söhbətlərin aparılmasının, eyni zamanda maarifləndirmə fəaliyyətlərinin daha da genişləndirilməsinin vacibliyini seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Məlumat üçün bildirək ki, insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədilə Aylığın yekunu olaraq 2026-cı il 18–19 iyun tarixlərində Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusuna həsr olunmuş Ombudsmanların Bakı Sammitinin keçirilməsi nəzərdə tutulur. Sammit çərçivəsində mövzu üzrə fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
09-06-2026
09-06-2026
09-06-2026
04-06-2026