15-09-2025
13 sentyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində professor və müəllim heyətinin iştirakı ilə pedaqoji şuranın iclası keçirildi.
BQU-nun təsisçisi, professor Ağarəhim N. Rəhimov yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini təbrik edərək, tədris işinin inkişafı üçün diqqət yetirilməli olan əsas istiqamətlərə toxundu.
Universitetin tədris işləri üzrə prorektoru, professor Hava Abdullayeva çıxışında universitetdə həyata keçirilən çoxşaxəli işlərdən bəhs edərək, tədris proqramlarının keyfiyyətini və tələbələrin nailiyyətlərini vurğuladı. O, həmçinin qeyd etdi ki, bakalavriat səviyyəsi üzrə “ Filologiya-tarix” fakültəsində üç yeni ixtisas - Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə), Filologiya (ingilis dili və ədəbiyyatı üzrə) və “Tarix” ixtisasları, magistratura səviyyəsi üzrə isə “Sosial-pedaqoji” fakültəsində iki ixtisas -“İbtidai təhsil” və “Təhsil nəzəriyyəsi və tarix” ixtisasları yaradılıb. Prorektor əlavə etdi ki, tələbələr arasında aktivlik müşahidə olunur və bu, tədrisin təşkilində əsas istiqamətlərdən biri hesab edilir. Çıxış zamanı prof.Hava Abdullayeva sillabuslarda mövcud olan cüzi nöqsanlara diqqət çəkərək, təlimin keyfiyyətinə mənfi təsir göstərən amillərin aradan qaldırılması yollarını açıqladı.
İclasda, həmçinin, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə keçirilmiş monitorinqlərin nəticələri təqdim olundu, yeni tədris metodlarına uyğunlaşmanın və innovativ yanaşmaların zəruriliyi vurğulandı.
Sonda professor Ağarəhim Rəhimov illik hesabatların təqdim edilməsi üçün kafedra müdirlərinə söz verdi. Çıxışlarda müxtəlif məsələlər müzakirə olundu, “Filologiya-tarix” fakültəsinin dekan müavini Səyalə İmanova imtahan prosesində yaranan çətinliklər və onların aradan qaldırılması barədə məlumat verdi. O, növbəti semestrdə imtahan biletlərinin hazırlanmasında suallara təkrar baxış keçirilməsinin və müəllimlərin tələbələrlə mütəmadi məsləhət saatlarının təşkil edilməsinin vacibliyini vurğuladı.
14-11-2025
13-11-2025
12-11-2025
11-11-2025