Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

31-03-2026

Bakı Qızlar Universitetində 31 Mart soyqırımı ilə bağlı elmi seminar keçirildi

Bakı Qızlar Universitetində 31 Mart soyqırımı ilə bağlı elmi seminar keçirildi

Bakı Qızlar Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə elmi seminar  keçirildi. Seminar iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının əziz xatirəsini yad etdilər.

Daha sonra universitetin  beynəlxalq və elmi işlər üzrə prorektoru  professor İntiqam Cabrailov, Tarix  kafedrasının müdiri Əzizağa Ələkbərli və Pedaqogika kafedrasının müdiri Həsən Bayramov çıxış edərək, 1918-ci ilin mart hadisələri haqqında ətraflı məlumat verdilər. Çıxışlarda qeyd olundu ki, həmin dövrdə Bakı və Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan amansızcasına qətlə yetirilmişdir. 

Bildirildi ki, 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr nəticəsində yalnız Bakıda deyil, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə də genişmiqyaslı dağıntılar və insan itkiləri olmuşdur. Bu hadisələr Azərbaycan tarixində xalqımıza qarşı həyata keçirilmiş ən ağır soyqırımı aktlarından biri kimi qiymətləndirilir.

Qeyd edək ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla rəsmi olaraq qeyd olunmağa başlanmışdır.

Seminarın sonunda vurğulandi ki, bu cür anım günlərinin keçirilməsi gənc nəslin tarixi yaddaşının formalaşdırılması, milli kimliyin qorunması və gələcək nəsillərə düzgün çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.



Digər konfranslar

Bütün konfranslar