Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

17-03-2026

Bakı Qızlar Universitetində İlaxır çərşənbəyə həsr olunmuş dərs-performans keçirildi

Bakı Qızlar Universitetində İlaxır çərşənbəyə həsr olunmuş dərs-performans keçirildi

17 mart 2026-cı il tarixində Bakı Qızlar Universitetində “Etnopedaqogika” fənni üzrə MQ-24 qrupunun iştirakı ilə İlaxır çərşənbəyə həsr olunmuş maraqlı dərs-performans təşkil olundu. Tədbir fənn müəllimi, dosent Gülşən Eminovanın rəhbərliyi ilə həyata keçirildi.

Dərs zamanı tələbələr Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini əks etdirən Novruz bayramı və onun çərşənbələri haqqında ətraflı təqdimatlar etdilər. Xüsusilə bayramqabağı görülən təmizlik işləri, bununla bağlı yaranmış atalar sözləri, folklor nümunələri, təbiətin oyanışı və Novruz süfrəsinin hazırlanması kimi mövzular geniş şəkildə izah olundu.

Təqdim olunan slaydlarda Novruzun mühüm atributları, o cümlədən “7 S” ənənəsi, səməni, su, süd, sumaq, sarımsaq və digər nemətlərin rəmzi mənaları diqqətə çatdırıldı. Həmçinin “Torba atdı” adəti kimi qədim xalq ənənələri barədə məlumat verildi, bu adətin paylaşma və birlik rəmzi olduğu vurğulandı.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən “Kosa” mahnısı xorla səsləndirildi, ardınca isə birlikdə xalq yaradıcılığı nümunəsi olan “haxışta” ifa olundu. Bu çıxışlar dərsə xüsusi bayram ab-havası qatdı və milli ruhu daha da gücləndirdi.

Tədbirdə iştirak edən fakültə dekanı, dosent İlahə Quliyeva çıxış edərək tələbə və müəllim heyətini bayram münasibətilə təbrik etdi. O, çıxışında qeyd etdi ki, bu gün Novruz tonqalları artıq azad edilmiş ərazilərimizdə də alovlanır və bu, xalqımız üçün xüsusi qürur mənbəyidir.

Sonda dosent Gülşən Eminova tələbələrin hazırladıqları maraqlı və yaradıcı performansa görə onlara təşəkkürünü bildirdi. Dərs yüksək əhval-ruhiyyə və bayram sevinci ilə yekunlaşdı.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər

Bütün xəbərlər